Dr. Şəhla Qarayeva

Dr. Şəhla Qarayeva karyerasının böyük əksəriyyətini Bakı Dövlət Universitetinin (BDU) professoru olaraq keçirmişdir. 1993-cü ildən başlayaraq Dr. Qarayeva BDU-nun Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq Fakültəsində İngilis dili və Amerikan Ədəbiyyatı üzrə dosent olaraq işləmişdir. O, Azərbaycan Dillər Universitetində Filologiya (İngilis dili və Amerikan ədəbiyyatı) üzrə bakalavr dərəcəsi, 2001-ci ildə Bilkent Universitetində (Ankara, Türkiyə) magistr dərəcəsi almışdır. 1993-1995-ci illər ərzində BDU-nun dil laboratoriyasının rəhbəri olaraq çalışmışdır.

1995-2008-ci illər ərzində Dr. Qarayeva BDU Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Fakültəsinin Xarici Dillər Şöbəsinin baş müəllimi olmuşdur. 2001-2006-cı illər ərzində o, BDU-nun Amerikaşünaslıq Mərkəzinin, 2003-2005-ci illər ərzində isə Mülki Təhsil Layihəsinin qiymətləndiricisi olaraq çalışmışdır. Bundan başqa, 2002-2007-ci illər ərzində Tarix və Tarix Problemləri Jurnalının tərcüməçisi və redaktoru, 2004-2008-ci illər ərzində isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında testlərin hazırlanması və yoxlanılması üzrə ekspert olaraq çalışmışdır.

“Şəhla müəllimə çox savadlı, işinə vurğun, kreativ, səmimi və mehriban bir şəxsiyyət idi. Hər tələbəsinə xüsusi qayğı ilə yanaşar, onların uğur qazanması üçün böyük səy göstərərdi. Bitmək tükənmək bilməyən pozitiv enerjisi, gülərüzlülüyü və ətrafında yaratdığı müsbət emosiyalar hələ də xatirələrdədir. Bu cür həyat dolu, peşəsinə vurğun və nəcib xarakterli bir insanın belə cavan yaşda aramızdan ayrılmasına hələ də inana bilmirəm. Ruhu şad olsun. Şəhla müəllimənin əziz xatirəsi daima ürəklərimizdə yaşayacaqdır! ”

İsrafil Abdullayev

Şəhla Qarayevanın tələbəsi (2003-2004)

Dr. Qarayeva ilk öncə səhhət problemindən dolayı “Yeni və köhnə İngilis dili dərsliklərinin qiymətləndirilməsi: Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə müəllim heyəti üçün dərsliyin yazılması” adlı dissertasiyasını müdafiə edə bilməmişdi. Lakin ailəsinin, tələbələrinin və tibb bacılarının dəstəyi nəticəsində, nəhayət ki Dr. Qarayeva 6 il öncədən yekunlaşdırdığı dissertasiyasını Azərbaycan Elmlər Akademiyasında 2016-cı ildə müdafiə edə bildi.

Dr. Qarayeva bir neçə müəllim təlimi proqramlarının, milli və dünyanın müxtəlif yerlərində (Böyük Britaniya, Türkiyə, Almaniya, ABŞ, Qırğızıstan və Fransa) keçirilən beynəlxalq konfransların fəal iştirakçısı olmuşdur. O hər zaman tələbələrinin xaricdə təhsil alması üçün dəstək olmuşdur və buna nail olmaq üçün əlindən gələni əsirgəməmişdir. Dr. Qarayevanın tələbələrinin əksəriyyəti hal-hazırda öz sahələri üzrə tanınmış peşəkar olaraq, vətəndaş cəmiyyətində, dövlət orqanlarında eləcə də beynəlxalq təşkilatlarda və səfirliklərdə fəaliyyət göstərirlər.

Tələbələrinin xatirələri

“Şəhla xanımın adı mən hələ universitetə daxil olmamışdan tanış idi, çünki əmim qızı da BDU-da Beynəlxalq Hüquq üzrə təhsil almışdı. Mənə məsləhət etdi ki, çalışıb onun qrupuna düşüm. Hər yerdə onu soruşurdum, gözüm axtarırdı ki, kimdi bu müəllimə. Amma təəssüf ki, bizim il Şəhla xanım heç bir 1-ci kursu götürmədi. Bu məni sevindirirdi. Mənə dərs keçməyəcəksə, heç kimə keçməsin :). Bizi Sevil müəllimə götürdü və birinci semesteri başa vurduq. İkinci semesterdə Sevil müəllimə xəstələndi deyə dərsə gələ bilmədi. Qəfil qapı açıldı və dərsə tanımadığımız, yumru eynəkli, gülərüz və hətta azərbaycanca belə qəribə aksenti olan xanım daxil oldu və özünü təqdim edəndə yerimdən dik atıldım. İlahi, sevincimdən uçurdum. Şəhla xanıııııııım deyib içimdə az qala sevincdən ağlayam. Əslində o özü də mənim gözlərimin sevincdən parladığını hiss edirdi. Mən hələ elə interaktiv, maraqlı dərs görməmişdim. Bir neçə dərs deyəndən sonra artıq bizə dərs deməyəcəyini deyəndə, bütün uşaqlar pis oldu. Mən isə hər vəchlə onun dərs deməsi üçün əlimdən gələni edirdim. Onun yerinə gələn digər müəlliməyə açıq-aydın Şəhla xanımı istədiyimizi dedik. Mən bu üsyankar tələbələrin lideri idim :). Kafedraya belə getdik və Şəhla xanımı geri qaytarmaqlarını xahiş etdik. Kafedra müdürü Möminat xanım da əslində bizi anlayırdı, ingilis dilini öyrənmək istədiyimizi, həqiqətən keyfiyyətli dərs istədiyimizi və Şəhla xanımın da bizə neçə keyfiyyətli dərs keçərək sevgimizi qazandığını bilirdi və bizə çox mülayim davrandı. Amma Şəhla xanım olmadı. Amma 3-cü kursda yenidən Şəhla xanım gəldi və sonadək o dərs keçdi. İstifadə etdiyi kitablar, materiallar, metodika möhtəşəm idi. O bizə universitetdə proqramdan kənar olaraq akademik yazı öyrətdi. Esse yazmağı öyrətdi, insanlıq, düzlük, prinsipiallıq öyrətdi. Eyni zamanda Şəhla xanımın fərdi TOEFL dərslərinə qatılırdım. Hərşey o qədər gözəl gedirdi ki. “Bəyəfəndi” deyərək müraciət etməsi üçün, dərs arasında səmimi zarafatları üçün, verdiyi motivasiyalar üçün elə darıxmışam ki! Allah Sizə rəhmət eləsin, adını təhsil tarixinə yazdıran insan!”

Sənan Yusifov

(2007-2010)

“Nə yaxşı ki onu tanımışam. Bəzi insanların xatirəsi yaddaşımızda əbədi olaraq yaşayır..Şəhla müəlliə belə insanlardan idi. Onun doğmalığı, səmimiyyəti, mehriban davranışı, qayğısı… Bir sözlə, hər bir tələbənin həyatında Şəhla müəllimə kimi birisi olmalı.. Əgər varsa…”

Leyla Həmzəyeva

(2007-2009)

“Şəhla müəllimə 1992-93-cü illərdə 5-ci sinifdə oxuyanda Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindəki məktəbdə mənə dərs deyib. Şəhla xanım özü də həmin kənddən idi.

Səmimi, maraqlı və enerjili müəllimə idi. O, həm bizim müəllimimiz, həm də dostumuz idi. Dərs zamanı şagirdlərlə mehriban davranardı, şagirdlərə xoş sözlər deyirdi, şagirdlərin üzünə baxanda gülümsəyərdi. Və tez-tez şagirdlərə “Mən sizi çox sevirəm” deyirdi. Hətta, dəcəl şagirdlərlə də mehriban davranırdı. Yaxşı dərs izah etmək qabiliyyəti var idi, onun verdiyi tapşırıqları qorxumuzda deyil, həvəslə oxuyurduq.

O, müasir düşüncəli insan idi. Həmin illərdə müasir düşüncəli olmaq asan deyildi, amma, Şəhla xanım düşüncələri və davranışları ilə müasirliyi təbliğ edirdi. O, bizə ingilis dili dərsini deyirdi. Hər dəfə dərs zamanı bizi yazı lövhəsinə çıxardaraq orda ingiliscə sözlər yazdırırdı. Yəni, evə verdiyi tapşırığı. Biz də bəzən çətin sözləri əlimizin içinə yazırdıq, lövhəyə çıxanda, imkan yaranan kimi əlimizə baxıb lövhədə yazırdıq. Bir dəfə mən də elə edəndə Şəhla müəllimə gördü və durub mənə yaxınlaşdı. O, mənə “Qorxma, aç əlini” dedi. Əlimi açdım, əlimin içindəki yazıları görəndə, həm mənə, həm digər uşaqlara “Əlinizi yazmayın, çətinlik çəkəndə məndən soruşun, sizə kömək edərəm. Gəlin bir-birimizi aldatmayaq, bir-birimizə kömək olaq” dedi. O, məktəbdəki ictimai işlərdə də təşəbbüskar olurdu həmişə. Onun barəsində müsbət fikirlər çox demək olar. Sonra kəndimiz işğal olundu və ondan sonra heç vaxt Şəhla xanımı görə bilmədim.

Hər dəfə fikirləşirdim ki, bir gün Bakıda Şəhla xanımla rastlaşaram. Təəssüf ki bu baş vermədi… Bir neçə dəfə kəndçilərimizdən onu soruşmuşdum. Demişdilər ki, səhhətində problemlər var.

25 ildən sonra internet vasitəsi ilə sinif yoldaşlarımız çoxu ilə danışıb görüşdük. Həmin görüşdə fikirləşirdim ki, sinif yoldaşlarıma təklif edim ki, Şahla xanıma baş çəkək. Uşaqlardan Şəhla xanımla necə görüşə biləcəyimizi soruşanda, uşaqlardan biri onun vəfat etdiyini söylədi. 25 ildən sonra ilk görüşümüzdə aldığımız ən acı xəbər olu bizə…

Sonda sizə təşəkkür edirəm ki, Şəhla xanımın xatirəsini yaşatmaq üçün belə gözəl ilər görürsünüz. Xatirəsinə sayğılar!“

Samir Kazımlı

(1992-1993)