Dr. Şəhla Qarayeva
Dr. Şəhla Qarayeva karyerasının böyük əksəriyyətini Bakı Dövlət Universitetinin (BDU) professoru olaraq keçirmişdir. 1993-cü ildən başlayaraq Dr. Qarayeva BDU-nun Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq Fakültəsində İngilis dili və Amerikan Ədəbiyyatı üzrə dosent olaraq işləmişdir. O, Azərbaycan Dillər Universitetində Filologiya (İngilis dili və Amerikan ədəbiyyatı) üzrə bakalavr dərəcəsi, 2001-ci ildə Bilkent Universitetində (Ankara, Türkiyə) magistr dərəcəsi almışdır. 1993-1995-ci illər ərzində BDU-nun dil laboratoriyasının rəhbəri olaraq çalışmışdır.
1995-2008-ci illər ərzində Dr. Qarayeva BDU Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Fakültəsinin Xarici Dillər Şöbəsinin baş müəllimi olmuşdur. 2001-2006-cı illər ərzində o, BDU-nun Amerikaşünaslıq Mərkəzinin, 2003-2005-ci illər ərzində isə Mülki Təhsil Layihəsinin qiymətləndiricisi olaraq çalışmışdır. Bundan başqa, 2002-2007-ci illər ərzində Tarix və Tarix Problemləri Jurnalının tərcüməçisi və redaktoru, 2004-2008-ci illər ərzində isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında testlərin hazırlanması və yoxlanılması üzrə ekspert olaraq çalışmışdır.
Dr. Qarayeva ilk öncə səhhət problemindən dolayı 'Yeni və köhnə İngilis dili dərsliklərinin qiymətləndirilməsi: Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə müəllim heyəti üçün dərsliyin yazılması' adlı dissertasiyasını müdafiə edə bilməmişdi. Lakin ailəsinin, tələbələrinin və tibb bacılarının dəstəyi nəticəsində, nəhayət ki Dr. Qarayeva 6 il öncədən yekunlaşdırdığı dissertasiyasını Azərbaycan Elmlər Akademiyasında 2016-cı ildə müdafiə edə bildi.
Dr. Qarayeva bir neçə müəllim təlimi proqramlarının, milli və dünyanın müxtəlif yerlərində (Böyük Britaniya, Türkiyə, Almaniya, ABŞ, Qırğızıstan və Fransa) keçirilən beynəlxalq konfransların fəal iştirakçısı olmuşdur. O hər zaman tələbələrinin xaricdə təhsil alması üçün dəstək olmuşdur və buna nail olmaq üçün əlindən gələni əsirgəməmişdir. Dr. Qarayevanın tələbələrinin əksəriyyəti hal-hazırda öz sahələri üzrə tanınmış peşəkar olaraq, vətəndaş cəmiyyətində, dövlət orqanlarında eləcə də beynəlxalq təşkilatlarda və səfirliklərdə fəaliyyət göstərirlər.
Tələbələrinin xatirələri
Şəhla müəllimə 1992-93-cü illərdə 5-ci sinifdə oxuyanda Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindəki məktəbdə mənə dərs deyib. Şəhla xanım özü də həmin kənddən idi. Səmimi, maraqlı və enerjili müəllimə idi. O, həm bizim müəllimimiz, həm də dostumuz idi. Dərs zamanı şagirdlərlə mehriban davranardı, şagirdlərə xoş sözlər deyirdi, şagirdlərin üzünə baxanda gülümsəyərdi. Və tez-tez şagirdlərə 'Mən sizi çox sevirəm' deyirdi. Hətta, dəcəl şagirdlərlə də mehriban davranırdı. Yaxşı dərs izah etmək qabiliyyəti var idi, onun verdiyi tapşırıqları qorxumuzda deyil, həvəslə oxuyurduq. O, müasir düşüncəli insan idi. Həmin illərdə müasir düşüncəli olmaq asan deyildi, amma, Şəhla xanım düşüncələri və davranışları ilə müasirliyi təbliğ edirdi. O, bizə ingilis dili dərsini deyirdi. Hər dəfə dərs zamanı bizi yazı lövhəsinə çıxardaraq orda ingiliscə sözlər yazdırırdı. Bir dəfə mən də elə edəndə Şəhla müəllimə gördü və durub mənə yaxınlaşdı. O, mənə 'Qorxma, aç əlini' dedi. Əlimi açdım, əlimin içindəki yazıları görəndə, həm mənə, həm digər uşaqlara 'Əlinizi yazmayın, çətinlik çəkəndə məndən soruşun, sizə kömək edərəm. Gəlin bir-birimizi aldatmayaq, bir-birimizə kömək olaq' dedi. Sonra kəndimiz işğal olundu və ondan sonra heç vaxt Şəhla xanımı görə bilmədim. 25 ildən sonra internet vasitəsi ilə sinif yoldaşlarımız çoxu ilə danışıb görüşdük. Həmin görüşdə onun vəfat etdiyini öyrəndik. Sonda Şəhla xanımın xatirəsinə sayğılar!